REGİONLAR
Bərdədə keçirilən idman festivalında idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib
Bərdə, 26 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilib. Tədbir təbliğat qrupunun üzvü, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərlinin təşkilatçılığı ilə Heydər Əliyev adına park-bulvarda idman festivalı formasında keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək, dövlət gənclər və idman siyasətindən, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində müvafiq nazirliyin rolundan danışıb. Bildirib ki, bu gün ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında bildirib ki, Azərbaycanda gənclərə, idmançılara dövlət qayğısı uğurlu gələcəyə hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
F.Şadlinskaya 44 günlük Vətən müharibəsində gənc idmançıların, əsgər və zabitlərin vahid komandanlıq ətrafında dəmir yumruq olmasından, xalq, iqtidar və ordunun möhtəşəm birliyinin qazandırdığı Böyük Qələbədən söz açıb.
Festival zamanı rayon gənclərinin və idmançılarının idmanın gimnastika, cüdo, sambo, sərbəst güləş, qol güləşi, kikboksinq, muay-tay, boks, MMA, budo, uşu-sanda, kyokuşinkaykan və digər növləri üzrə nümunəvi çıxışları nümayiş etdirilib. Tədbir boyunca vətənpərvər ruhlu mahnılar səsləndirilib.