İDMAN
BERTİ FOQTS: AZƏRBAYCAN YIĞMASI HƏM RUSİYA, HƏM DƏ ALMANİYA FUTBOL KOMANDALARI İLƏ OYUNLARDA SÜRPİZLƏRƏ QADİRDİR
Azərbaycanın futbol yığması sürprizlərə qadirdir. Əks təqdirdə bu yığmada işləməyə dəyməzdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Rusiya mətbuatına müsahibəsində söyləmişdir.
Azərbaycan yığmasının uğur qazanmağa əminliyini ifadə edən B.Foqts Azərbaycan futbolçuları arasında “alman intizamı”nın yaymağın vacibliyini söyləmişdir. “Əminəm ki, işlərin düzgün qurulacağı təqdirdə Azərbaycan yığması artıq bu mövsüm sensasiya edə bilər. Həm Rusiya, həm də Almaniya yığmaları ilə oyunlarda xal qazanmaq mənim planlarıma daxildir. Mənim bu iki yığma komandanı qrupun digər kollektivləri ilə müqayisə etmək fikrim yoxdur. Lakin, Avropada futbol son illər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir və hesab edirəm ki, hər bir komanda sensasiya etmək gücündədir.”
Jurnalistin “Nəyə görə siz fəaliyyətinizi Azərbaycanda davam etdirməyə qərar verdiniz,” sualını isə Berti Foqts belə cavablandırmışdır: “Azərbaycandan gələn təklif mənə maraqlı oldu. Azərbaycan Futbol Federasiyası bir neçə ilə Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanacaq rəqabətədavamlı komandanın formalaşmasına çalışır. Ölkədə çoxlu istedalı futbolçular var və mən öz köməkçilərimlə bir neçə il üçün nəzərdə tutulmuş inkişaf proqramını hazırlamışam. Mənə Azərbaycanın bölgələrinə səfərlər etmək maraqlıdır. Azərbaycan Premyer Liqasının oyunlarını izləmək məqsədilə bir gün İran, başqa bir gün isə Gürcüstan sərhədinə getməli oluram.”