DÜNYA
Bethovenin simfoniyası idmançılar üçün ideal vasitə hesab edilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). Klassik musiqinin hər mənada faydalı olması çoxdan məlumdur. Onu hətta idmançılara da məsləhət görürlər: klassik musiqi sayəsində idman məşqləri daha səmərəli olur.
Alimlər ayrı-ayrı musiqi əsərlərinin təsirini təhlil etmək və onlardan hansının idmançılar üçün daha münasib olduğunu müəyyən etmək qərarına gəlmişlər.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Lyudviq van Bethovenin 4-cü simfoniyasının 4-cü hissəsi fiziki təlimlər zamanı ən yaxşı köməkçidir.
Lakin bu məqsədlə başqa klassik əsərləri də cəsarətlə seçmək olar. Klassik musiqi sayəsində kortizolun (stress hormonunun) səviyyəsi azalır, ürək sıxılmalarının tezliyi tarazlaşır, arterial təzyiq göstəriciləri yaxşılaşır.
Klassik musiqinin faydalı təsirini hiss etmək üçün məşqlər zamanı onu fon kimi səsləndirmək kifayətdir. Maraqlıdır ki, başqa musiqi janrları idmançılara bu dərəcədə müsbət təsir göstərmir, bəzi məşhur pop və rok kompozisiyaları isə əksinə, əsla münasib olmayan vaxtda ürək sıxılmalarının sayını artırır.