SİYASƏT
Beyləqanda Milli Qurtuluş günü münasibətilə bayram tədbiri keçirilmişdir
Beyləqan, 14 iyun (AZƏRTAC). Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğunu bildirmişlər.
Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs olunmuş, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Həmin gün Beyləqan şəhərindəki Heydər Əliyev adına parkda Milli Qurtuluş Günü münasibətilə bayram gəzintisi təşkil edilmiş, rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında maraqlı konsert proqramı nümayiş olunmuşdur.