İDMAN
Beynəlxalq Güləş Federasiyasının Prezidenti istefaya göndərilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Birləşmiş Güləş Stilləri Federasiyasının (FİLA) Bürosunun qərarı ilə FİLA-nın rəhbəri Rafael Martinetti şənbə günü istefaya göndərilmişdir.
FİLA prezidenti Martinettinin istefası məsələsi bu təşkilatın Bürosunun cümə günü Tailandda keçirilmiş təcili iclasında qaldırılmışdır.
Çərşənbə axşamı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi idman güləşinin 2020-ci ili Olimpiya Oyunlarının proqramından çıxarılmasını tövsiyə etmişdi. BOK-un bu il sentyabr ayında keçiriləcək sessiyasında 2020-ci il Olimpiya Oyunlarının proqramında yer almağa namizəd kimi İcraiyyə Komitəsi tərəfindən tövsiyə edilə biləcək idman növlərinin sırasında güləş də əlavə olunacaqdır.
Beysbol/softbol, karate, qayayadırmanma, skvoş, uşu, veykbordinq və rollersport idman növləri artıq həmin siyahıya daxil edilmişdir. 2013-cü ilin may ayında beynəlxalq federasiyalar Sankt-Peterburqda öz idman növlərinin təqdimatını keçirəndən sonra BOK icraiyyə komitəsi öz qərarını elan edəcəkdir.
2020-ci il Olimpiadasının proqramı barədə qəti qərar BOK-un sentyabr ayında Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında qəbul ediləcəkdir. Elə həmin sessiyada 2020-ci il Olimpiadasının paytaxtı da seçiləcəkdir. Bu tədbirə ev sahibliyi etmək uğrunda Madrid, İstanbul və Tokio şəhərləri arasında mübarizə gedir.