İDMAN
BEYNƏLXALQ HƏNDBOL TURNİRİ BAŞLANDI
Mayın 7-də İdman Sarayında “Çağırış kuboku” uğrunda qadınlar arasında 2-ci həndbol turniri başlanmışdır. Bu mötəbər kubok uğrunda yarışda Azərbaycan komandası ilə yanaşı, Belçika, Gürcüstan, Yunanıstan, İsrail və Moldova idmançıları da mübarizə aparırlar.
Turnirin təntənəli açılış mərasimində Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iştirak edirdi.
İdman sarayında Avropa Həndbol Federasiyasının bayrağı təntənəli şəkildə qaldırıldı.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açılış mərasimində çıxışı edərək, MOK və nazirlik adından iştirakçşıları turnirin başlanması münasibətilə təbrik etdi və bu yarışı Azərbaycanda keçirmək qərarına görə Avropa Həndbol Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. Nazir ümidvar olduğunu söylədi ki, turnir ölkəmizdə həndbolun inkişafına təkan verəcəkdir.
Sonra Avropa Həndbol Federasiyası İcraiyyə Komitəsinin üzvü Boris Makarov iştirakçıları salamladı.
Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayev Avropa Federasiyasının bu turniri Bakıda keçirmək qərarını Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı müdrik daxili və xarici siyasət sayəsində ölkəmizdə yaranmış ictimai-siyasi sabitliyə daha bir sübut kimi qiymətləndirdi. O, turnirin keçirilməsinə göstərdiyi köməyə görə Avropa və Azərbaycan həndbol federasiyaları adından Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Azərbaycanın dövlət himni səsləndi.
İlk görüşdə Gürcüstan həndbolçuları Moldova yığma komandasına qalib gəldilər.
İkinci görüş Azərbaycan və Belçika komandaları arasında keçirildi. Həndbolçularımız gözəl oyun nümayiş etdirərək, rəqiblərini 28:18 hesabı ilə məğlubiyyətə uğratdılar. Sonra Yunanıstan və İsrail komandaları görüşdülər.
Foto İlqar Cəfərovundur