SİYASƏT
BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI FONDU AZƏRBAYCANLA ƏLAQƏLƏRƏ XÜSUSİ ÖNƏM VERİR
Bakı, 14 yanvar (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru Mattias Vekkerlinq və Fondun Proqram rəhbəri Britta Şvartz yanvarın 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyətindən danışmışdır. Sədr Azərbaycanda Almaniya ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilmısinə xüsusi önəm verildiyini bildirmişdir.
Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru Mattias Vekkerlinq ölkəsində Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa çox böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın qarşılıqlı surətdə faydalı olacağına əmin olduğunu söyləmişdir.
Almaniyalı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Binanın gözəl memarlıq üslubunda inşa olunduğunu bildirən Mattias Vekkerlinq məhkəmə tarixi muzeyinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.
Sonda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin maraqlı görüşə görə Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoruna və fondun Proqram rəhbərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.