İQTİSADİYYAT
Beynəlxalq normalara uyğunlaşdırılmış 139 milli standart dövlət qeydiyyatına alınmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). 2012-ci il ərzində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq normalara uyğunlaşdırılmış 139 milli standart dövlət qeydiyyatına alınmışdır (rabitə və informasiya texnologiyaları üzrə - 9, nəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə- 82, tikinti materialları sahəsi üzrə - 26, yeyinti məhsulları üzrə - 4, turizm üzrə - 2, uyğunluğun qiymətləndirilməsi və keyfiyyətin idarə olunması üzrə - 6, digər sahələr üzrə - 7).
Komitə tərəfindən il ərzində 189 müəssisəyə, 67 yanacaqdoldurma məntəqəsinə, 16 maye-qaz doldurma məntəqəsinə, 2 əlvan metalla bağlı sahəyə, 64 tibbi fəaliyyətinə, 1 ədəd kartoqrafiya sahəsinə, 13 alkoqollu içkilər sahəsinə, 26 əczaçılıq fəaliyyəti ilə məşğul olmağa lisenziya alınması üçün müvafiq rəylər verilmişdir.
Hesabat dövründə 257 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilmişdir. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi ölçülərinin təyin edilməsi məqsədi ilə Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında 215 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilmişdir.
2012-ci ildə ixtiralara dair 111 patent verilmişdir. Onlardan 105 ədədi milli, 6 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Faydalı modelə dair 10 patent qeydiyyata alınmışdır ki, onlardan da 8-i milli və 2 -i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Sənaye nümunələrinə dair 17 patent verilmişdir, onlardan 4-ü milli, 13-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur.
Hesabat dövründə Əmtəə nişanlarının Dövlət reyestrində 1211 əmtəə nişanı qeydə alınaraq sahiblərinə verilmişdir. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 152, şəhadətnamənin qüvvədə olma müddətinin uzadılması barədə 415, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 497 bildiriş qeydiyyata alınmış, 9 dublikat, 27 çıxarış verilmişdir.