CƏMİYYƏT
Beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb
Bakı, 10 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın builki prioritetləri barədə məlumat verən Qoşqar Təhməzli qeyd edib ki, proqramda ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsinə dair norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması, tərəfdaş ölkələrin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən səlahiyyətli qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, sertifikatların qarşılıqlı tanınması və sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinə dəstək göstərilməsi kimi bir sıra vacib məsələlər öz əksini tapıb.
Görüşdə qida istehlak məlumat bazasının yaradılması, Azərbaycanda antibiotiklərin quşçuluqda istifadəsi və antimikrob rezistentliyin araşdırılması, heyvan və bitki xəstəliklərindən azad zonaların yaradılması, heyvanların identifikasiya və qeydiyyatı ilə əlaqədar beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ətrafında müzakirələr aparılıb.
Görüş zamanı BMT-nin ixtisaslaşmış qurumları olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığın genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub. FAO ilə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq”, “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi”, FAO-ÜST ilə “Kodeks Etimad Fondu”, UNICEF-lə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi və ÜST ilə “FEEDcities” kimi layihələr çərçivəsində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.