DÜNYA
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu: Ermənistan ordusundakı ciddi çatışmazlıqlar əsasən korrupsiya halları ilə bağlıdır
Bakı, 17 mart (AZƏRTAC). Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik hesabatına görə, Ermənistanın illik hərbi xərcləri 400 milyon ABŞ dolları təşkil edir. AZƏRTAC xəbər verir ki, hesabatda 2011-ci ildə Ermənistanın hərbi ehtiyaclarına 396 milyon ABŞ dolları sərf olunduğu, ötən ildə isə bu göstəricinin 394 milyon dollar təşkil etdiyini vurğulanır.
Sənəddə qeyd olunmuşdur ki, Azərbaycanın hərbi büdcəsi müqayisə olunmaz templərlə artır. Ötən ildə Azərbaycanın hərbi xərcləri 2011-ci ildə təşkil etmiş 1 milyard 680 milyon ABŞ dollarından 1 milyard 777 milyonadək artmışdır. Ümumilikdə Ermənistan hərbi xərclərə ümumi daxili məhsulun 4 faizini, Azərbaycan isə - 2,5 faizini sərf edir.
Hesabatda vurğulanmışdır ki, Ermənistanın hərbi konsepsiyası bütövlükdə Rusiyanın ciddi təsiri altındadır. Analitiklər hərbi hava qüvvələrini Ermənistan silahlı qüvvələrinin ən zəif yeri kimi qeyd edirlər. “Ermənistanın hərbi hava qüvvələrinin əsas problemi onların aşağı səviyyədə xidmət göstərməsidir. Məhz bu baxımdan Rusiya Ermənistanın hava məkanının mühafizəsini icarəyə götürülmüş aviabazanın vasitəsilə həyata keçirir”, - deyə hesabatda qeyd olunur.
Ermənistan ordusunda islahatlara gəlincə, ekspertlər qeyd etmişlər ki, onların əsas məqsədi müqavilə əsasında qulluq edən hərbçilərin sayının artırılması və alınan silahların keyfiyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Bununla belə, təlimlərin səviyyəsini və şəxsi heyətin peşəkarlığını artırmaq kimi struktur dəyişikliklər etmək cəhdləri ciddi problemlərlə üzləşir.
Ekspertlər onu da qeyd etmişlər ki, 2013 ildə Ermənistanın hərbi büdcəsi 170 milyard dram təşkil etməsinə və ölkənin silah ehtiyatlarının yenilənməsinə yönələn ciddi vəsaitlərə baxmayaraq Ermənistan silahlı qüvvələri yeni texnika ilə təchiz səviyyəsinə görə hələ çox geridədir. Bu çatışmazlıqlar əsasən korrupsiya halları və Ermənistan Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin aşağı səviyyəsi ilə bağlıdır.
Ermənistan və Azərbaycan ordularının təmas xəttindəki vəziyyətə də toxunan hesabatın müəllifləri vurğulamışlar ki, ötən ildə münaqişə zonasında gərginlik ən azı iki dəfə (yazda və yayda) kəskin artmış, lakin bu hərbi əməliyyatların başlanmasına gətirib çıxarmamışdır.