İQTİSADİYYAT
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciət etmişdir
Bakı, 20 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciət etmişdir.
Müraciətdə bildirilir ki, hər il dünyada baş verən yol-nəqliyyat hadisələri zamanı 1,3 milyon nəfər həlak olur, 20-50 milyonadək insan isə xəsarət alır və bunun böyük hissəsi dünyanın inkişaf etməkdə olan ölkələrinin payına düşür. Nəticədə hökumət və ayrı-ayrı şəxslər üçün qlobal iqtisadi itkilər qiymətləndirmələrə görə, 518 milyard ABŞ dolları təşkil edir.
Qeyd edilmişdir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələrində insanlar üçün imkanların yaradılmasında katalizator rolunu oynayır. Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “İKT və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması” mövzusuna həsr olunmuşdur. İnformasiya texnologiyalarının gücündən istifadə etməklə yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməlidir. Sürücülərin sükan arxasında diqqətlərini yayındıran texnologiyaların aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir.