İQTİSADİYYAT
Bəzi standartalara dəyişiklik edilmiş, “Brilyantların qiymətləndirilməsi üçün GİA sistemi” metodiki təlimat təsdiq olunmuşdur
Bakı, 20 aprel (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə tərəfindən hazırlanmış AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər”, AZS 091-2003 “Ayran. Texniki şərtlər”, AZS 092-2003 “Qatıq. Ümumi texniki şərtlər” və AZS 220-2006 “Dovğa. Ümumi texniki şərtlər” dövlət standartlarına dəyişiklikləri təsdiq etmiş və tətbiq vaxtını bu ilin aprelin 20-dən müəyyən etmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dəyişikliklərə əsasən istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla, hər bir süd məhsulu üçün maksimal yararlılıq müddəti uzadılmışdır.
Komitə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş bir neçə dövlətlərarası standartı da təsdiqləmiş və tətbiq vaxtını bu il aprelin 20-dən müəyyən etmişdir.
Bundan başqa, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və SMPDK-nın Texniki tənzimləmə və standartlaşdırma şöbəsi ilə birgə hazırlanmış MT 005-2011 “Brilyantların qiymətləndirilməsi üçün GİA sistemi” metodiki təlimat da təsdiq olunmuş və tətbiq vaxtı bu ilin aprelin 20-dən müəyyən edilmişdir.