SİYASƏT
Bilal Dündar: Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycanın önəmli milli bayramlarını müxtəlif tədbirlərlə qeyd edir
Bakı, 28 mart (AZƏRTAC). Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycanın önəmli milli bayramlarını müxtəlif tədbirlərlə qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İlin qeyri-hökumət təşkilatı” nominasiyasında “Zirvədəkilər-2012” mükafatını qazanmış Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar “Kocaeli” qəzetinə müsahibəsində demişdir.
Müsahibədə Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən bəhs edən Bilal Dündar qardaş ölkələrimizin və xalqlarımızın hər zaman bir-birinin yanında yer aldıqlarını vurğulamışdır. Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu diqqətə çatdıran TADEF sədri Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını bildirmişdir.
TADEF-n fəaliyyətindən danışan B.Dündar demişdir: “Kocaeli Azərbaycan Evi Dərnəyini 2004-cü ildə qurduq. 2006-cı ildə isə TADEF-i yaratdıq. Federasiyanın hazırda Türkiyənin 12 vilayətində dərnəyi vardır. TADEF-in qadın və gənclər birliklərini yaradaq fəaliyyətimizi daha səmərəli davam etdiririk. Federasiyamız Türkiyə ilə Azərbaycan arasında tarixdən gələn dostluq və qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək üçün səy göstərir”.
Ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində dövlətlərimizin başçıları, nazirlər səviyyəsində qarşılıqlı səfərlərin, tədbirlərin əhəmiyyətini vurğulayan TADEF sədri bu işbirliyinin zamanla daha geniş coğrafiyaya yayıldığını, diasporlarımızın birgə fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Bu gün Türkiyəyə böyük miqdarda Azərbaycan sərmayəsinin yatırıldığını bildirən B.Dündar əməkdaşlığımızın bütün sahələrdə sürətlə artdığının müşahidə edildiyini demişdir.
Qardaşlıq əlaqələrimizin inkişafı istiqamətində görülən işlərdən danışan B.Dündar Kocaeli Azərbaycan Evi Dərnəyinin təşəbbüsü ilə 2010-cu il dekabrın 31-də Heydər Əliyev Mədəniyyət Parkının, 2011-ci il oktyabrın 29-da Heydər Əliyev Parkının açıldığını vurğulamışdır. Ötən il noyabrın 24-də Azərbaycan Mədəniyyət Evi açılmışdır ki, burada ulu öndər Heydər Əliyev adına kitabxana və dünyada ilk dəfə açılan Soyqırımı Muzeyi fəaliyyət göstərir. Muzeydə 1915-ci ildə erməni “Hnçak” terror təşkilatının Şərqi Anadoluda törətdiyi qətliamları, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikləri zaman törətdikləri soyqırımlarını əks etdirən sənədlər yer alır.
Müsahibədə, həmçinin təhsil almaq üçün Azərbaycandan Kocaeliyə, buradan isə ölkəmizə gələn tələbələrə təqaüdlərin verildiyi, onlarla sıx əlaqələrin yaradıldığı, TADEF vasitəsilə Kocaelidə müalicə alan xəstələrə maddi yardım göstərildiyi də xüsusi vurğulanmışdır. Hər il ənənəvi olaraq “Kocaeli” qəzeti tərəfindən ilin QHT-si olaraq “Zirvədəkilər” mükafatına layiq görülməsi TADEF-in çoxtərəfli fəaliyyətinə verilmiş qiymət kimi dəyərləndirilmişdir.
TADEF-in fəaliyyətinə Azərbaycanda da yüksək qiymətin verildiyini vurğulayan Bilal Dündar demişdir: “Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə Federasiyamızı və məni şərəfləndirərək “Şərəf” ordeni ilə təltif etmişdir. Buna görə cənab Prezidentə təşəkkür etməyi özümə borc bilirəm”.