ELM VƏ TƏHSİL
Bilik Fondu Milli Qurtuluş Gününü silsilə tədbirlərlə qeyd edib
Bakı, 14 iyun, AZƏRTAC
15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib.
Fonddan AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri Bilik Fondunda Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə təşkil edilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə 1993-cü ilə qədər olan tarixi-siyasi vəziyyətdən söhbət açıb.
Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət, müstəqil siyasət” mövzusunda mühazirəsi dinlənilib. Natiq Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb: “Məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı”.
Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, baş kitabxanaçı Gülzadə Quliyeva, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi İradə Əlili, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzinin şöbə müdiri Rəfiqə Nəsirova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Şücaət Piriyeva, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşviq Məmmədov və digər çıxışçılar Milli Qurtuluş Günü ilə bağlı fikirlərini söyləyiblər.
Tədbir məktəblilərin ədəbi-bədii kompozisiyası və filmin nümayişi ilə davam edib.
Tovuz rayonundakı Heydər Əliyev Muzeyində yerli icra hakimiyyəti ilə birgə təşkil olunmuş mühazirədə Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıb. O bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Ağstafa Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti ilə birgə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva məruzə edib. Məruzədə Ümummilli Liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edilib.
Qarabağ Regional Bilik Evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər. Çıxış edənlər o dövrün siyasi-tarixi mənzərəsi barədə iştirakçılara məlumat verərək, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycan tarixinin parlaq səhifəsi kimi dəyərləndiriblər.