CƏMİYYƏT
Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimatı keçirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov respublikamızda gənclərə göstərilən dövlət qayğısından, bu sahədə reallaşdırılan dövlət proqramlarından danışmış, həmçinin rayonda gənclərlə bağlı görülmüş işlər, planlaşdırılan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji araşdırmalar və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyevaya təmsil etdiyi qurum haqqında ətraflı məlumat vermişdir. O, Fondun Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı” çərçivəsində yaradıldığını diqqətə çatdıraraq onun konsepsiyası, vəzifələri, prioritetləri, müraciət oluna biləcək kateqoriyalar və digər zəruri informasiyalarla iştirakçıları tanış etmişdir.
Bildirilmişdir ki, fond tərəfindən bu il iyunun 27-də üçüncü qrant müsabiqəsi elan olunmuşdur. Cari ilin avqustun 12-də yekunlaşacaq müsabiqənin nəticələri isə sentyabrın ilk ongünlüyündə məlum olacaqdır.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının Binəqədidə də aydın şəkildə özünü büruzə verdiyini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, keçirilən tədbirlərin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir.
Təqdimat mərasimindən sonra tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının təmirdən sonrakı vəziyyəti, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni inzibati binası ilə tanış olmuşlar.