CƏMİYYƏT
Binəqədi rayonunda keçirilmiş tədbirdə antinarkotik təbliğatın vacibliyindən danışılıb
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Binəqədi Gənclər Evində rayon icra hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə tədbir keçirilib.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.