İDMAN
Binəqədi rayonunda “Sağlam gənclik, sağlam cəmiyyət” layihəsi çərçivəsində mini futbol turnirinə start verilmişdir
Bakı, 21 iyun (AZƏRTAC). Binəqədi rayonunda “Sağlam gənclik, sağlam cəmiyyət” layihəsi çərçivəsində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında mini futbol birinciliyinə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, turnir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayonun gənclər və idman idarəsi tərəfindən təşkil edilmişdir.
Turnirin açılışında çıxış edən layihənin müəllifi Səlcuq Müzəffərli vurğulamışdır ki, yarışın keçirilməsində əsas məqsəd potensialı olan yeniyetmə və gəncləri aşkarlamaq, onları zərərli vərdişlərdən çəkindirmək, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışda on komanda birincilik uğrunda mübarizə aparacaqdır.