SİYASƏT
Binəqədi rayonunda seçicilər yüksək fəallıq nümayiş etdirirlər
Bakı, 9 oktyabr (AZƏRTAC). 9 saylı Binəqədi ikinci seçki dairəsi 36 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılmışdır.
Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov AZƏRTAC-a bildirmişdir ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılmış və fəaliyyətə başlamışdır. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak etmişdir.
Dairə əsasən fərdi evlərin yerləşdiyi Xutor yaşayış massivindən M.Ə. Rəsulzadə qəsəbəsinədək olan ərazini əhatə edir və seçki məntəqəsini birləşdirir. Qeydiyyata alınmış 47 min 230 seçicinin 2557 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə yaşı 80-ni ötmüş 700-dək seçici var. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.
Məntəqələr bütün zəruri avadanlıqla təmin edilmiş, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Dairənin 10 məntəqəsində veb-kameralar işləyir. Həmçinin 9 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılmışdır.
6 saylı seçki məntəqəsinin sədri Ziyafət Əliyevanın verdiyi məlumata görə, səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunur. Səsvermənin başlanmasından bir neçə saat keçib, artıq məntəqə üzrə 1218 seçicinin bir hissəsi istədikləri namizədə səs verib. Burada seçkinin bütün prosedurlarına əməl olunur. Seçicilərə bülleten verilməzdən sol əlin baş barmağı üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçiciyə səsvermə bülleteni məntəqəyə daxil olmasına icazə verilmir. Barmağı mürəkkəblə işarələnənə seçki bülleteni verilir. Bütün bunları namizədlərin müşahidəçiləri də izləyir və təsdiqləyirlər.
1251 seçicinin səs verəcəyi 5 saylı seçki məntəqəsində də saat 10-dək heç bir qanun pozuntusu qeydə alınmamışdır. Məntəqənin sədri Gülnarə Məmmədova bildirmişdir ki, seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
9 saylı Binəqədi ikinci seçki dairəsinin seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri və bitərəf müşahidəçilər seçki prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini, səsvermənin tam şəffaflığını təmin edən şərait yaradıldığını bildirmişlər.