SİYASƏT
Binəqədidə seçkilər yüksək fəallıq və demokratik şəraitdə davam edir
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti seçkilərində Binəqədi rayonunda seçicilər yüksək fəallıq göstərirlər.
10 saylı Binəqədi üçüncü seçki dairəsi 35 daimi, iki müvəqqəti məntəqəni əhatə edir. Bundan başqa, hərəkət imkanları məhdud olan seçicilər üçün 7 məntəqədə panduslar təşkil edilmişdir.
Məntəqələrin 10-da veb-kameralar quraşdırılmışdır. Seçicilərin ümumi sayı 46 min 912 nəfərdir.
Vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılmışdır.
Dairə Seçki Komissiyasının sədri İsgəndər Əliyev AZƏRTAC-a bildirmişdir ki, səhər saat 8.00-da qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılmış və fəaliyyətə başlamışdır. 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə siyahıda olan 46.912 seçicinin artıq 5.596 nəfəri (11,9 faizi) saat 10-dək istədikləri namizədə səs vermişdir. Hələlik dairə seçki komissiyasına heç bir qanun pozuntusu barədə məlumat, şikayət daxil olmamışdır.