MƏDƏNİYYƏT
Bir sıra media nümayəndələri fəxri diplomlarla mükafatlandırılıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında bir sıra media nümayəndələri fəxri diplomlarla mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, ittifaqın yaradıcılıq üzrə sədr müavini, Xalq artisti Hacı İsmayılov milli mətbuatımızın 147-ci il dönümü münasibətilə jurnalistləri təbrik edib, onların teatr sahəsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bildirib ki, məhz mətbuatın sayəsində teatra maraq yaranıb. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetilə yaratdığı mətbuat böyük çətinliklərdən keçərək indiki səviyyəyə çatıb.
Hacı İsmayılov jurnalistlərə uğurlar arzulayıb və teatrın həyata keçirdiyi layihələri işıqlandırdıqları üçün onlara təşəkkürünü bildirib.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov jurnalistləri teatr sənətinin mediada işıqlandırmasına görə diplomlarla təltif edib.