SİYASƏT
Bir sıra ölkələrin sabiq prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıda keçiriləcək müzakirələrdə iştirak edəcəklər
Bakı, 27 avqust (AZƏRTAC). Sentyabrın 4-dən 6-dək Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə yüksək səviyyədə toplantı keçiriləcəkdir.
DİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr də təşkil olunacaqdır. Müzakirələrdə Latviyanın, Finlandiyanın, Şri-Lankanın sabiq prezidentləri Vayra Vike-Frayberqa, Tarya Halonen və Çandrika Kumaratunqa iştirak edəcəklər.
Vayra Vike-Frayberqa və Tarya Halonen dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulamış və ATƏT-in Minsk qrupunun indiyədək heç bir nəticə verməyən fəaliyyətini tənqid etmişlər.
Silsilə xarakter daşıması nəzərdə tutulan bu müzakirələr Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə ilk dəfə həyata keçirilən bir təşəbbüsdür.