Birbaşa Bakı-Pekin təyyarə reysi açılacaqdır
Bakı, 5 aprel (AZƏRTAC, Nəriman Həsənov). “Silk Way Travel” şirkəti “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə bir çox istiqamətlərdə birgə layihələr həyata keçirir. Azərbaycan günü-gündən inkişaf edir, yeni nailiyyətlərə imza atır. Bu nailiyyətlərdə “Azərbaycan Hava Yolları - AZAL”ın böyük rolu vardır.
Bu sözləri XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin (“AITF-2014”) iştirakçısı, “Silk Way Travel” şirkətinin direktoru Şirzad Əfəndiyev AZƏRTAC-a müsahibəsində demişdir.
Ş.Əfəndiyev bildirmişdir ki, bugünkü sərgidə həm yerli, həm də xaricdən gələn partnyorlara yeni turizm paketləri və layihələrimizi təqdim edirik. Azərbaycan Hava Yolları şirkətinin inkişafı dedikdə, yeni təyyarələrin alınması, dünyanın ən müasir hava terminallarından biri kimi yeni hava limanının bu yaxınlarda istifadəyə verilməsi və s. kimi yeniliklər nəzərdə tutulur.
Bu yaxınlarda Azərbaycanda ilk dəfə olaraq birbaşa uzunməsafəli Bakı-Pekin reysinin açılacağını qeyd edən Ş.Əfəndiyev, əvvəllər ölkəmizdə uzunməsafəli uçuşları həyata keçirmək üçün müasir texnikanın olmadığını demişdir. Bu gün artıq Azərbaycan Airbus A340 və Boeing 767 tipli müasir tələblərə cavab verən sərnişin təyyarələrinə malikdir.
Şirkətin direktoru qeyd etmişdir ki, son 10 ildə turizmin inkişaf etdirilməsi sürətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur. Milli aviasiya ilə turizm sektoru arasında sıx əlaqələr qurulmuşdur. Turizm şirkətləri bu siyasəti dəstəkləyir, çünki bu turizm sektorunun inkişafı deməkdir.