İQTİSADİYYAT
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin məbləği 3 milyard dollar olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 102.5 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 668.1 milyon dollar azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.6 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.6 milyard dollar mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75.9 faizini təşkil edib.
Cari ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 359.5 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 262.0 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 621.5 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 34.6 faiz azalaraq 717.5 milyon dollar olub. Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 500.6 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 582.3 milyon dollar azalıb.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (74.4 milyon dollar), neft-qaz (922.2 milyon dollar), digər (87.7 milyon dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (37.5 milyon dollar) hesabına artıb, bankların (621.2 milyon dollar) hesabına isə azalıb. Öhdəliklər əsasən bank (7.4 milyon dollar) və digər (594.5 milyon dollar) sektorlarının hesabına azalıb, dövlət (18 milyon dollar) sektoru və kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.6 milyon dollar) hesabına isə artıb.
Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 408.1 milyon dollar azalıb, xalis maliyyə öhdəlikləri isə 1.3 milyard dollar artıb. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 55.9 milyon artıb, xalis maliyyə öhdəlikləri isə 570.2 milyon dollar azalıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (49.5 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (270.2 milyon dollar), dövlət kreditləri (133.4 milyon dollar), dövlət zəmanətli kreditlər (184.1 milyon dollar) və müəssisələrin kreditləri (32.0 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 0.8 milyard dollar azalıb, xalis maliyyə öhdəlikləri isə 0.5 milyard dollar artıb.