İDMAN
Birinci Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi məlum olub
Moskva, 23 may, AZƏRTAC
Rusiya Olimpiya Komitəsi (ROK) İcraiyyə Komitəsinin növbəti iclasında bu ölkənin birinci Avropa Oyunlarında iştirak edəcək yığmasının tərkibi təsdiq edilib.
Bu barədə ROK-un informasiya xidməti məlumat verib.
Rusiyanın 50 regionundan, o cümlədən Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan Respublikası (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandaya daxil edilib.
Komandanın tərkibinə 7 Olimpiya, 34 dünya çempionu daxildir. Rusiya idmançıları yüngül atletikadan başqa, bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər. ROK-un prezidenti Aleksandr Jukovun fikrincə, Rusiya komandasının hazırlıq səviyyəsi ilk Avropa Oyunlarında ümumi hesabda birinci olmağa imkan verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva