MƏDƏNİYYƏT
Birinci “Miras” rəssamlıq simpoziumu keçiriləcəkdir
Bakı, 28 mart (AZƏRTAC). Mayın 9-dan 15-dək Ağsu və İsmayıllı rayonlarında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə birinci “Miras” rəssamlıq simpoziumu keçiriləcəkdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, simpoziumun məqsədi regionlarda rəssamlığın inkişafına dəstək vermək, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumlarının təşkili ənənəsi yaratmaqdır.
Dörd gün ərzində iştirakçıların orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olmaları və gördüklərini kətan üzərinə köçürmələri nəzərdə tutulur.
Daha sonra simpozium öz işini İsmayıllıdakı “Qaya” mehmanxanasında davam etdirəcəkdir. Tədbirdə rəssamlar “Arxeoloji qazıntı sahəsində gördüklərim”, “Mənzərə” və “Sərbəst kompozisiya” mövzularında rəsm əsərləri hazırlayacaqlar.
Rəssamların əsərləri “Miras” İctimai Birliyinin kolleksiyasında saxlanılacaqdır. Gələcəkdə həmin əsərlərin yerli muzeylərdə və xarici ölkələrdə keçirilən sərgilərdə nümayişi nəzərdə tutulur.