ELM VƏ TƏHSİL
Birinci sinfə qəbulun elektron sistemi hazırlanır VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Bu il Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakıda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin birinci sinfinə qəbul prosesinin elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə hazırda sistem üzərində son tamamlama işləri aparılır.
Sistemin təkmilləşməsi üçün BŞTİ birinci sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.
Bununla əlaqədar Bakı şəhərindəki bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul barədə məlumatlandırılıblar.
Görüşdə direktorlar məsələ ilə bağlı müxtəlif fikir və təkliflərini bildiriblər.