İQTİSADİYYAT
Birinci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisində (“CIBS -2014”) 40–dək xarici şirkət iştirak edəcəkdir
Bakı, 11 May (AZƏRTAC). Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində birinci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi (“CIBS- 2014”) keçiriləcəkdir.
“İteca Caspian” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kater və yaxtalar sərgisi ən nüfuzlu istiqamətlərdən biri olan yaxta idmanı və su-idman növlərinə aidiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş maraqlı, əyləncəli və peşəkar tədbirdir.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group plc” şirkətləri çıxış edirlər.
“CIBS-2014” sərgisində peşəkar mütəxəssislər, həvəskarlar və sərgi ziyarətçilərinə fəal istirahət üçün su-motor texnikası məhsullarını və onları müşayiət edən mallar təqdim olunacaqdır.
Sərgidə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Kanada, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveçrə və Yaponiyanın nümayəndələri iştirak edəcəklər.
İştirakçıların siyahısında “Alfa Marine”, “Baku Marine”, “Cantiere Nautico Cranchi”, “Eitec International AB”, “Megisti Blue Yacht Chartes LTD”, “MT-Caspian”, “Plus Marine”, “Polar Marine”, “S2 Sport Sicurezza” və s. bu kimi şirkətlər yer alacaqdır.
Sayca 40-dan çox şirkəti bir arada toplayan bu debüt sərgisi qaşıdan gələn yaxta mövsümünə hazırlaşmağa kömək edəcəkdir.
“Cressi” (suyadalma və sualtı ov məhsulları üzrə məşhur italyan şirkəti), “Beuchat” (sualtı avadanlıq üzrə dünyada ən qədim fransız istehsalçılarından biri), “Marintek” (gəmiqayırma üzrə ən iri şirkət) və digər məşhur brendlərin Azərbaycandakı rəsmi nümayəndəsi və tərəfdaşı - “Alfa Marine” şirkəti öz stendində hidrosikllər, katerlər, hava ilə doldurulan motorlu qayıqlar, xüsusi paltarlar və digər məhsulları təqdim edəcəklər.
Bundan əlavə, “Alfa Marine” şirkətinin stendində ziyarətçilər hidrosikllər və hava ilə doldurulan qayıqların sınaqdan keçirilməsi üçün qeydiyyatdan keçə bilərlər. Sınaq idarəetməsi isə Buzovnada baş tutacaqdır.
Eyni zamanda, “Improtex Marine & Sport Facilities” şirkətinin stendində Yaponiyanın məşhur “Yamaha” markalı məhsullarının geniş çeşidini - motorlu qayıqların və digər texnikanın ən yeni nümunələrini görmək mümkün olacaqdır. “Baku Marine Service” stendinin qonaqları bu şirkətin müxtəlif yelkənli dəniz gəmilərinin təmiri, ehtiyat hissələrinin təchizatı və satışı, hərbi-dəniz maşınqayırması, texniki yoxlama və s. ilə bağlı olan fəaliyyəti ilə tanış ola biləcəklər. Həmçinin bu sərgidə Azərbaycan ərazisinə və Xəzər hövzəsi ölkələrinə sənaye, neft-qaz və gəmi avadanlıqlarını təchiz edən “MT-Caspian” şirkətinin məhsulları ilə də tanış olmaq mümkün olacaqdır.
“CIBS -2014” sərgisi bu sahədə bazarın öyrənilməsi və müştəri dairəsinin genişləndirilməsi, eləcə də su-motor texnikası sənayesinin nümayəndələri arasında işgüzar və tərəfdaşlıq münasibətlərinin qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün şərait yaradan bir tədbirdir.