İQTİSADİYYAT
“Biznes lider” internet jurnalında “Monteneqro: Azərbaycanla əməkdaşlığın perspektivləri” sərlövhəli məqalə dərc olunmuşdur
Bakı, 15 mart (AZƏRTAC). “Biznes lider” internet jurnalında “Monteneqro: Azərbaycanla əməkdaşlığın perspektivləri” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə deyilir ki, 2006-cı ildə Monteneqro müstəqillik qazanmışdır. O vaxtadək ölkə əvvəlcə Yuqoslaviyanın, daha sonra Serbiyanın tərkib hissəsi olmuşdur. Əvvəllər Monteneqroya dotasiyaya ehtiyacı olan region kimi yanaşırdılar. Bir çox sərmayədarlar bu dövlətə “xammal donoru” kimi baxırdılar. Lakin Monteneqro müstəqillik qazanması sayəsində iqtisadiyyatı üçün yeni imkanlar aça bildi. Dünyanın hər yerindən sərmayələrin cəlb olunması bu ölkənin iqtisadiyyatını qüdrətli və möhkəm etdi.
Daha sonra müəllif yazır: “Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Monteneqroya rəsmi səfər etmişdir. Monteneqro Prezidenti Filip Vuyanoviç görüş zamanı bildirmişdir ki, məsafə iki ölkənin sıx tərəfdaşlıq münasibətləri qurmasına mane ola bilməz. Dövlət başçıları ikitərəfli sərmayə yatırımı imkanlarını müzakirə etmişlər. Prezident P.Vuyanoviç qeyd etmişdir ki, sərmayə yatırımı Monteneqro üçün əhəmiyyətli hadisə olmuşdur. Bu sərmayələr ilk növbədə inşaat xidmətləri və daşınmaz əmlak bazarına kömək edəcəkdir. Bu isə yeni layihələrin, yeni sifarişlərin, yeni iş yerlərinin yaranması deməkdir. Bütün bunlardan əlavə, dövlət başçıları bir sıra sazişlər imzalamışlar. Həmin sənədlər arasında iki ölkə arasında tərəfdaşlıq və dostluq münasibətləri haqqında Bəyannamə vardır. Mahiyyət etibarilə həmin sənəd ikiqat vergini aradan götürür. Monteneqro bir neçə ildən sonra gizli offşord zonaya çevrilə bilər. Lakin bütün bunlar yalnız turizm infrastrukturunun inkişafının, daşınmaz əmlaka sərmayə yatırılmasının eyni sürətlə gedəcəyi şərti ilə baş verə bilər. Hazırda Monteneqro bazarı maksimum açıqlıq və şəffaflıq mərhələsindədir və belə olan halda təbii ki, sərmayə cəlb etməyə bilməz”.
Prezident F.Vuyanoviç daha sonra demişdir ki, görüş əsnasında Azərbaycanın Monteneqro əlavə sərmayələr yatırması potensialı müzakirə edilmişdir. Artıq indinin özündə Monteneqroda bir çox sahələrə maraq hiss olunur. Sərmayə üçün daha cəlbedici sahələrə gəldikdə isə burada da artıq hərəkət nəzərə çarpır. Söhbət yol infrastrukturunun tikintisindən, turizmin və energetika sektorunun inkişaf etdirilməsindən gedir. Monteneqro Prezidenti sərmayə yatırılması üçün yeni sahələrin müəyyənləşdirilməsində əhəmiyyətli vasitə olan Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyanın rolunu vurğulamışdır. Prezident demişdir ki, gələcəkdə əlavə maraq yaransa, əməkdaşlıq haqqında yeni müqavilələr imzalanacaqdır. Əməkdaşlıq sahəsi genişlənəcəkdir.
Müəllif yazır: “Prezident Filip Vuyanoviç haqlıdır. İndi Monteneqro həqiqətən həmişəkindən daha çox şəffafdır, təkliflər və sərmayələr üçün açıqdır. Lap bu yaxınlarda baxımsız kazarmalara “ikinci həyat” vermək ideyası səslənmişdir, yəni hərbi təyinatlı keçmiş obyektləri turizm obyektlərinə çevirmək təklif olunur. Azərbaycan Dövlət Neft Şirkəti Monteneqroda irimiqyaslı layihəyə başlamışdır. Bu, Herseq Novi şəhəri ətrafında beşulduzlu kompleksin inşasıdır. Bu, kiçik kurort zonasıdır. Redevelopment nəticəsində əla elit kurort zonası yaranacaqdır. Bu gün yalnız Porto-Monteneqro uğurlu elit daşınmaz əmlak layihəsidir. Əvvəllər burada Sovet İttifaqı Hərbi Dəniz Donanmasının bazası yerləşirdi. Kumborda inşa olunan yeni layihəyə “The One&Only” adı veriləcəkdir. Həmin layihəyə 250 milyon avro sərmayə yatırılacaqdır. Layihə yaxın 8 ildə həyata keçiriləcəkdir. Belə inşaat və infrastrukturun inkişaf etdirilməsi layihələri iri sərmayədarlarla qarşılıqlı fəaliyyətin fəallaşdığına, onların Monteneqroya maraq göstərdiklərinə dəlalət edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva