DÜNYA
BMT-ni ən çox dəstəkləyən ölkə onun fəaliyyətdə olan baş katibinin vətənidir
Bakı, 24 sentyabr (AZƏRTAC). Bu gün Nyu-Yorkda BMT Baş Məclisinin 68-ci sessiyası açılacaqdır. Sessiya ərəfəsində Vaşinqtondakı Pyu adına tədqiqat mərkəzi tərəfindən aparılmış sosioloji sorğunun nəticələri elan edilmişdir.
Məlum olmuşdur ki, sorğu aparılmış 39 ölkədən 22-sində bu beynəlxalq təşkilatın fəaliyyətini müsbət qiymətləndirirlər.
Sosioloqların məlumatına görə, BMT-ni ən çox dəstəkləyən ölkə indiki baş katibin vətəni Koreya Respublikasıdır. Burada vətəndaşların 84 faizi BMT-nin işini bəyənir. İndoneziyada, Filippində, həmçinin Afrika, Avropa və Latın Amerikası ölkələrinin əksəriyyətində Təşkilatın yüksək reytinqi qeydə alınmışdır.
Bundan başqa, mütəxəssislər aydınlaşdırdılar ki, yaşlılarla müqayisədə gənc nəslin bu təşkilata münasibəti daha yaxşıdır. Çin istisna olmaqla, Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrdə sakinlərin əksəriyyəti və bu beynəlxalq təşkilatın fəaliyyətindən razı olduqlarını bildirmişlər: Böyük Britaniyada bu fikirdə olanlar 64 faiz, Rusiyada 53 faiz, ABŞ-da 58 faiz, Fransada 63 faiz təşkil edir. Çində isə əhalinin nisbi əksəriyyəti (45 faiz) BMT-yə neqativ münasibət bildirmişdir.
Tədqiqatçıların hesablamalarına görə, İsraildə, İordaniyada və Türkiyədə bu təşkilata münasibət əsasən mənfidir. Həmin ölkələrdə BMT-nin fəaliyyətini bəyənməyən sakinlərin sayı, müvafiq surətdə, 70 faiz, 61 faiz və 56 faiz təşkil edir.