İQTİSADİYYAT
BMT rəsmisi Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması səylərini yüksək qiymətləndirib
Bakı, 6 oktyabr, AZƏRTAC
BMT-nin baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycan ərazisindən tranzit yolla keçirilməsinə cəhd edilən böyük həcmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının mühüm əhəmiyyətini və digər dövlətlər üçün yaxşı nümunə olduğunu göstərməklə, Dövlət Gömrük Komitəsinin səylərini yüksək qiymətləndirib. O, təmsil etdiyi qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin gələcəkdə də bu istiqamətdə dəstək göstərməyə və əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda deyilir.
Bildirilir ki, əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin narkotiklərlə mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Cari ilin 9 ayı ərzində gömrük orqanları tərəfindən 89 fakt üzrə 98 faizindən çoxu heroin olmaqla 1 ton 132 kiloqramdan çox narkotik vasitə (o cümlədən 1 ton 112 kiloqram heroin, 6,5 kiloqram tiryək, 12 kiloqram həşiş, 1,6 kiloqram marixuana, 14 qram metadon və 92 qramdan çox və 150 ədəd həb psixotrop maddə) qanunsuz dövriyyədən çıxarılıb. Bu il 23 narkoqrup ifşa edilərək 12 nəfəri qadın, 107 nəfəri kişi olmaqla 119 nəfər barəsində təhqiqat və istintaq aparılıb, toplanmış materiallar müvafiq məsuliyyətə cəlb edilmələri üçün məhkəməyə göndərilib. Saxlanılan şəxslərin 89 nəfəri Azərbaycan Respublikası, 22 nəfəri İran, 2 nəfəri Belarus, bir nəfəri Rusiya, bir nəfəri Gürcüstan, bir nəfəri Hindistan, biri Pakistan, bir nəfəri Tacikistan, biri isə Türkiyə vətəndaşıdır.