CƏMİYYƏT
BMT-yə üzv dövlətlər antibiotiklərə davamlılıq problemi ilə birgə mübarizə aparacaqlar
Bakı, 22 sentyabr, AZƏRTAC
BMT-yə üzv dövlətlər tarixdə ilk dəfə antibiotiklərə davamlılıqla və infeksiyaların yayılması ilə mübarizədə səyləri birləşdirmək barədə qərar qəbul ediblər. BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli iclasın iştirakçıları antibiotiklərə davamlılıq üzrə siyasi bəyannaməni dəstəkləyiblər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu problem təhlükəli miqyas alıb. “Hesablamalara görə, hər il antibiotiklərə davamlı olan infeksiyalar səbəbindən iki yüz mindən artıq körpə ölə bilər”, - deyə BMT-nin baş katibi Pan Gi Mun çıxışında bildirib.
Dünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan da xəbərdarlıq edib ki, əgər tədbirlər görülməsə, ən sadə infeksiyalar yenidən ölümcül xəstəliklərə çevriləcək.