CƏMİYYƏT
Bölgələrdə “Narkotiklərə yox deyək!” devizi ilə bir sıra tədbirlər keçirilmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında aşkarlanaraq tibbi-profilaktik müayinəyə cəlb edilməsi və onların maarifləndirilməsi məqsədilə bölgələrdə “Narkotiklərə yox deyək!” devizi ilə bir sıra tədbirlər keçirilmişdir.
Tədbirlər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Təhsil Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Gəncə və Mingəçevir şəhərlərində, Lənkəran rayonunda təşkil edilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, maarifləndirmə kampaniyaları Prezident İlham Əliyevin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər)” çərçivəsində aparılmışdır.