DÜNYA
Bolqarıstan 2023-cü ilədək Türkiyədə qaçqınların saxlanması üçün 3 milyon avrodan çox məbləğ ödəməlidir
Sofiya, 27 noyabr, AZƏRTAC
Bolqarıstan parlamenti Türkiyədə qaçqınların saxlanması xərclərini nəzərdə tutan Avropa İttifaqı və Avropa Komissiyası tərəfindən bağlanan sazişi ratifikasiya edib. Vəsaitlər humanitar yardım, təhsil və digər xidmətlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının 2018-ci il 28-29 iyul tarixli iclasında qaçqınların saxlanması üçün ikinci yardım paketinin ayrılması qərarının lehinə səs verilib. Üç milyard avro yardımın 2 milyardı Avropa İttifaqının büdcəsindən veriləcək. 1 milyard avro isə üzv dövlətlər arasında ölkənin ÜDM-in Avropa İttifaqına üzv dövlətlərin ümumi gəliri nisbətində payı hesabına görə bölüşdürüləcək.
Bolqarıstanın payı 3,2 milyon avro təşkil edir. Bu məbləğ hər 3-cü və 4-cü rübdə 2019-2023-cü illər çərçivəsində ödənilməlidir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya