DÜNYA
Bolqarlar və rumınlar Almaniya iqtisadiyyatını stimullaşdırır
Buxarest, 10 oktyabr (AZƏRTAC). Avropa komissarı Laslo Andor Almaniyanın “Der Spiegel” nəşrinə verdiyi müsahibəsində 2014-ci il yanvarın 1-dən Avropa İttifaqının əmək bazarında Bolqarıstan və Rumıniya vətəndaşlarına şamil olunan bütün məhdudiyyətlərin götürülməsi məsələsinə toxunaraq bildirmişdir ki, rumın və bolqar emiqrantları Almaniya iqtisadiyyatının artımına yardım edirlər. L. Andorun fikrincə bu məsələ ilə bağlı heç bir təhlükə gözlənilmir. Avropa komissarı vurğulamışdır ki, Almaniyada işləyən rumın və bolqarlar əsasən gənclərdir. Onlar vaxtında vergiləri və sosial rüsumları ödəyirlər ki, bu da Almaniya iqtisadiyyatının inkişafını stimullaşdırır.
Almaniya, Hollandiya, Böyük Britaniya və digər Avropa İttifaqı ölkələrinin məmurları 2014-cü il yanvarın 1-dən bolqar və rumın emiqrantlarının çoxalması ilə bu ölkələrdəki sosial sistemin dağılması barədə bəyanatlar vermişlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest