SİYASƏT
BORİS FRLES PREZİDENT SEÇKİLƏRİ GÜNÜ CİDDİ QANUN POZUNTUSUNUN QEYDƏ ALINMADIĞINI BİLDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasının rəhbəri, səfir Boris Frlesin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
B.Frles əməkdaşlığa və müşahidə üçün hərtərəfli şəraitin yaradılmasına görə MSK sədrinə təşəkkürünü bildirmişdir. O, başçılıq etdiyi missiyanın sentyabrın əvvəllərindən Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə apardığını, həm bu prosesdə, həm də səsvermə günü ciddi pozuntuların qeydə alınmadığını vurğulamışdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müşahidə fəaliyyətinə görə missiya rəhbərinə minnətdarlıq etmişdir. O, ATƏT DTİHB-nin müşahidə missiyasının hesabatındakı bəzi fikirlərə iradını bildirərək ifrata yol verildiyini qeyd etmiş, həmçinin seçkilərin nəticələri qiymətləndirilərkən bütün region ölkələrinə eyni standartlarla yanaşmanın vacibliyini qonaqların diqqətinə çatdırmışdır.
Missiyanın rəhbəri Mərkəzi Seçki Komissiyasına gələcək fəaliyyətində uğurlar arzulayıb.
######