ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar
Bakı, 15 noyabr, AZƏRTAC
AMEA-nın Botanika İnstitutu və Şəki Regional Elmi Mərkəzinin elmi əməkdaşlığı çərçivəsində müştərək çöl tədqiqatları həyata keçirilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqsəd regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmini, o cümlədən əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi olub.
Botanika İnstitutunun əməkdaşları – biologiya üzrə elmlər doktoru Naibə Mehdiyeva, biologiya üzrə fəlsəfə doktorları Rəna Abdıyeva, Kəmalə Əsədova və doktorant Nigar Mürsəlqızı tərəfindən Şəki rayonunun Baş Şabalıd kəndi və Marxal ərazisində keçirilən ilkin monitorinq nəticəsində meşə massivlərində payız florasının siyahısı tərtib olunub və fenoloji müşahidələr aparılıb. Bu sahələrdə 4 nadir bitki növü (Castanea sativa Mill.,Coryluscolurna L., Pyracantha coccinea M. Roem.,Crocus speciosus Bieb.) müəyyənləşdirilib, onların populyasiyalarının demoqrafik strukturu və vəziyyəti öyrənilib. Həmçinin meşə massivlərində bəzi invaziv növlərin (Ailanthus altissima (Mill.) Swingle, Robinia pseudoacacia L. və Conyza canadensiscanadensis (L.) Cronquist) meşəyə daxil olması qeydə alınıb. Nadir bitkilərin populyasiyalarına aid məlumatlar Azərbaycanın Qırmızı kitabının yeni nəşrində istifadə oluna bilər.