SİYASƏT
Böyük auditoriyaya təsir göstərmək imkanı olan jurnalistlərin birtərəfli mövqe tutmağa haqqı yoxdur
Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr edilmiş mətbuat konfransı keçirilib
Moskva, 7 aprel, AZƏRTAC
“Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin və nəticələrinin bəzi Rusiya KİV-lərində birtərəfli təqdim edilməsi dünyanın və Rusiyanın təhlükəsizliyinə çox ciddi təhdid mənbəyidir. Mənim fikrimcə, Rusiya Federasiyası vətəndaşlarının bu münaqişədə hərbi və ya hər hansı başqa formada iştirakı barədə federal və ya başqa KİV-lərdə səslənən hər hansı çağırışlar Rusiyanın bütövlüyü üçün təhlükədir”.
Rusiyalı məşhur jurnalist, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Şevçenko bu sözləri “İnterfaks” agentliyində keçirilmiş “Rusiya-Azərbaycan münasibətlərinin dəstəklənməsi üzrə ictimai təşəbbüslər” mövzusunda mətbuat konfransında söyləyib. Bəzi məşhur jurnalistlərin və media personalarının bu məsələnin işıqlandırılmasına birtərəfli yanaşmalarından narahat olduğunu bildirən M.Şevçenko qeyd edib ki, böyük auditoriyaya təsir göstərmək imkanı olan jurnalistlərin birtərəfli mövqe tutmağa haqqı yoxdur. Onun sözlərinə görə, bu cür davranış “Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqi olan çoxmillətli Azərbaycan ilə” münasibətlərinə ziyan vurur. O deyib: “Ümidvaram ki, media məkanında zəka zəfər çalacaq və ayrı-ayrı personajların emosiyalarına, öz şəxsi və ya psixopatik məsələlərini Rusiya Federasiyasının təhlükəsizliyi hesabına həll etmək arzusuna üstün gələcək”.
Beynəlxalq münasibətlər mövzusunda yazan jurnalist, Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova bəzi Rusiya KİV-lərində “jurnalist pərdəsi altında informasiyanı təhrif edən” həmkarlarını qınayıb. S.Qədirova Rusiyada yaşayan azərbaycanlıları “sifarişlə işləyən KİV-lərin və ayrı-ayrı jurnalistlərin” provokasiyalarına uymamağa çağırıb, çünki media fonu Rusiya rəsmilərinin real bəyanatlarından və hərəkətlərindən bir qədər fərqlidir. O, rəsmi Moskvanın da Rusiyanın bəzi KİV-lərinin mövqeyi ilə razılaşmadığını vurğulayaraq, nümunə kimi bu yaxınlarda RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ilə söhbətini xatırladıb və deyib ki, M.Zaxarova da bu məsələ ilə əlaqədar narahatlığını bildirib.
S.Qədirova Rusiyadakı Azərbaycan diasporu barədə söhbət açaraq vurğulayıb ki, Rusiyada yaşayan azərbaycanlılar sıx birləşməli və “hazırda Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi kimi nəciblik nümunəsi göstərməlidirlər”. O, Ümumrusiya Azərbaycanlılar Konqresi nəzdində əslən Azərbaycandan olan məşhur rusiyalı jurnalistlərdən, politoloq, alim və ictimai xadimlərdən ibarət operativ qrup yaratmağı təklif edib. S.Qədirova son günlərdə yaranmış vəziyyətin tənzimlənməsindən söhbət açaraq qeyd edib ki, RF xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Rusiyanın bu münaqişənin həllinə yönəlmiş nümunəvi addımıdır. O deyib: “Qondarma “dqr”-in münaqişənin üçüncü tərəfi kimi tanınmaması haqda razılıq əldə olunmasını son dərəcə əhəmiyyətli hesab edirəm. Bu gün biz görürük ki, Rusiya öz razılaşmalarına dəqiq əməl edir”.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan və Rusiya rəhbərliklərinin səylərini yüksək qiymətləndirib. Diplomat Rusiyada obyektiv informasiya məkanı yaradılmasında Azərbaycan diasporunun rolunu artırmağın vacibliyini də qeyd edərək vurğulayıb ki, Azərbaycan səfirliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin düzgün işıqlandırılması və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün fəal iş aparır.
Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm amildir. S.Məmmədov Rusiyanın bəzi KİV-lərində təhrikçi tok-şoular məsələsinə toxunaraq deyib: “Bu, vəziyyətin sabitliyini pozmaq və münaqişənin tənzimlənməsini uzatmaq məqsədi güdən xalis provokasiyadır. Biz, Rusiyada yaşayan azərbaycanlılar, provokasiyalara uymamağa çağırırıq. Biz Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini Rusiyanın üzərinə atmaq istəmirik ki, Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsin. Biz əminik ki, çoxmillətli Rusiya bu ölkədəki bütün xalqların sabit və təhlükəsiz şəraitdə dinc yanaşı yaşaması kursuna sadiqdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva