DÜNYA
Böyük Britaniyanın dəmiryolçuları son 30 ilin ən böyük tətilinə hazırlaşır
London, 20 iyun , AZƏRTAC
Böyük Britaniyanın dəmiryolu işçiləri son 30 ilin ən böyük tətilinə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, İngiltərə, Şotlandiya və Uelsdə dəmiryolu işçiləri sabahdan başlayaraq, cümə axşamı və şənbə günləri də daxil olmaqla tətilə başlayır.
Tətilə 40 min nəfərdən çox işçinin qatılacağı bildirilib.
İşçilər ixtisarların qarşısının alınmasını, orta əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını istəyirlər.
Dəmiryol şirkətləri ilə həmkarlar ittifaqları arasında yekun danışıqlar bu gün də davam edib. Dəmiryol İşçiləri Həmkarlar İttifaqı, danışıqlarda razılıq əldə olunmasa, tətillərin daha da şiddətlənəcəyini bildirib. Həmkarlar ittifaqı hökuməti razılaşma əldə etmək üçün addım atmağa çağırıb.
Dəmiryolu şəbəkəsi sərnişinlərdən yalnız zəruri hallarda qatarla səyahət etməyi tövsiyə edib.
Paytaxt Londonda metro işçiləri də tətil edəcəklərini açıqlayıblar. Şəhərin ictimai nəqliyyat xidmətlərini idarə edən Transport for London (TfL) sərnişinlərə ictimai nəqliyyatdan istifadə etmək əvəzinə velosiped sürməyi və ya piyada getməyi tövsiyə edib.
Böyük Britaniyada tətillər müəyyən edilmiş günlərdə keçirilir.
Tətillərlə əlaqədar ölkənin magistral yollarında nəqliyyatın hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə xəbərdarlıq edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London