İQTİSADİYYAT
Böyük Britaniyanın “TWI” şirkətinin nümayəndəsi Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olmuşdur
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov Böyük Britaniyanın “TWI” şirkətinin mühəndislik bölməsinin rəhbəri Rza Ərcmənd ilə görüşmüşdür.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, F.Süleymanov idarənin fəaliyyət istiqamətləri, eləcə də onun nəzdində yaradılmış təlim-tədris mərkəzlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Neft-qaz sənayesində çalışan qaynaqçıların peşə hazırlığının idarənin fiziki və mexaniki sınaq laboratoriyalarında və yeni yaradılacaq qaynaq mərkəzində təmin ediləcəyi, onların idarə daxilində attestasiyasının və sertifikatlaşdırılmasının aparılacağı bildirilmişdir. İdarə və Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik Qaynağı İnstitutu arasında sıx əlaqələr qurulduğu qeyd olunmuş, “TWI” şirkəti ilə əməkdaşlığın da qarşılıqlı səmərə verə biləcəyi diqqətə çatdırılmışdır.
Rza Ərcmənd “TWI” şirkətinin dünyanın bir sıra aparıcı təşkilatları ilə əməkdaşlıq etdiyini, analoji qurumlara təlim, sertifikatlaşdırma, məsləhət, müasir texnologiyaların təchizatı kimi ilkin baza xidmətləri göstərdiyini söyləmiş, peşəkar qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması, beynəlxalq qaynaq mühəndisliyinə dair təlim kurslarının keçirilməsi sahəsində böyük təcrübə qazandığını bildirmişdir. O, ARDNŞ tərəfindən həyata keçirilən qaynaq işlərinin keyfiyyətinin artırılmasında “TWI” şirkəti ilə əməkdaşlığın mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. Qonaq idarənin fiziki və mexaniki sınaq laboratoriyalarında həyata keçirilən tədbirlər və iş prosesi ilə tanış olmuşdur.