RƏSMİ XRONİKA
bp-AZƏRBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDUN ÇIXIŞI
Zati-aliləri cənab prezidentlər,
Hörmətli xanımlar və cənablar!
Mənim üçün bp və BTC Ko. üzrə tərəfdaşlarım adından bu gün neft kəmərinin açılış mərasimində sizlərə bu yüksək kürsüdən müraciət etmək böyük şərəfdir. Düşündüyümüz kimi, layihəmizin axırında biz enerjidaşıyıcılarının daha təhlükəsiz nəqli yolunu əldə edəcəyik. Bu işin keçmişində böyük çətinliklər yaşandı. Xəzərin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə böyük məsafələr qət edərək buraya gətirilir. Kəmərin təkcə Türkiyə hissəsində 300-dən artıq kəndin yanından keçmişik. Marşrutun keçdiyi yerlərdə böyük kənd təsərrüfatı tarlaları, iri yaşayış məntəqələri vardı. Bu çətinliklərin hamısının öhdəsindən gəldik. Bundan başqa, ətraf mühitin qorunmasına böyük diqqət yetirildi. Flora və faunanın qorunmasına dair ətraf mühit proqramları da həyata keçirildi. Marşrutun keçdiyi yerdə biz Qazi Universitetinin arxeologiya bölməsinin köməyi ilə arxeoloji qazıntılar apardıq.
Mən bu gün hamınızı təbrik edib, yenə də minnətdarlığımı bildirmək istəyirəm. Burada həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə tərəflərinin göstərdikləri diqqət və köməyi qeyd etmək istəyirəm. Burada bp, ARDNŞ, Şevron, Statoyl, TPAO, ENİ, Total, İtoçu, İNPEX, KonokoFillips və Amerada Hess kimi şirkətləri də saymalıyam. Türkiyənin Botaş şirkətini, onun Türkiyə tərəfindən podratçılarını da qeyd etmək istəyirəm. Minlərcə insanın bu layihəyə cəlb olunması onun gerçəkləşməsi üçün böyük əhəmiyyət kəsb etdi.
Bu gün artıq kəmərin açılış mərasimini qeyd edirik. Səngəçaldan gələn, böyük əməyin nəticəsi olan xam neftin Ceyhana qədər gəlməsini görürük. Enerji bazarlarına neftin, qazın nəqli daha çox təhlükəsizlik tələb edir. İnsanlar və şirkətlər inkişaf etdikcə, cəmiyyətlərin rifahı daha yüksək olduqca, eyni zamanda, cəmiyyətlər arasında etibarın daha da artırılmasının və istər-istəməz, təhlükəsizliyin də vacib olduğunu qeyd edirlər. Mən bir daha sizə minnətdarlığımı bildirirəm.
X X X
Sonra ABŞ-ın energetika nazirinin müavini Kley Sellə söz verildi.