İQTİSADİYYAT
bp Azərbaycandakı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək
Bakı, 11 dekabr, AZƏRTAC
bp-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətlidir. bp bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. İcra olunan layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.
Bu barədə AZƏRTAC-a “bp-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı məlumat verib.
“Bununla belə, indiki mühitdə biz rəqabət qabiliyyətliliyimizi daha da artırmaq üçün imkanları, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq yollarını araşdırırıq. Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi, obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla, daha güclü və daha rəqabətqabiliyyətli olaq”, – deyə T.Bayatlı bildirib.
Qeyd edək ki, ötən gün bp-nin icraçı direktoru Robert Dadli dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar şirkətin 2015-ci ildə yüzlərlə iş yerinin məcburi ixtisarına 1 milyard dollar sərf edəcəyini, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir göstərəcəyini demişdi.