İQTİSADİYYAT
bp şirkəti ilə birlikdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatının sabitləşdirilməsinə dair proqram hazırlanmışdır
Bakı, 5 iyun (AZƏRTAC). Bu gün Azərbaycanın neft-qaz sənayesinin bütün fəaliyyət seqmentlərinə aid strateji inkişaf çağırışları ötən müddətdə qazanılmış misilsiz nailiyyətlərə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XX Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası konfransında çıxışında demişdir.
O, qeyd etmişdir ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində nəhəng “Şahdəniz” qan-kondensat yatağı, “Əşrəfi, “Qarabağ” yataqları, son illərdə “Abşeron” yatağı, habelə ARDNŞ-in daxili qüvvələri hesabına “Ümid” yatağı aşkar edilmiş, “Azəri-Çıraq-Günəşli” kontrakt sahəsində ehtiyatlar iki dəfəyə yaxın artırılmışdır. Hazırda burada ümumi çıxarıla bilən ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Görülən işlər nəticəsində ölkə üzrə neft hasilatı 5,6 dəfə artırılaraq, gündəlik hasilat 124 min tona və ya təxminən 1 milyon barrelə çatdırılmışdır.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən operativ tədbirlər nəticəsində hasilat səviyyəsinin aşağı düşməsi prosesinin dayandırıldığını deyən R.Abdullayev bildirmişdir ki, cari ilin yanvar ayında bu yataqlarda hasilat 2012-ci ilin eyni dövrü ilə bərabər səviyyədə olmuşdur. Layihə çərçivəsində qazma işləri də cədvələ uyğun aparılır. bp şirkəti ilə birlikdə “Azəri-Çıraq-Günəşli”yataqlar blokunda neft hasilatının sabitləşdirilməsinə dair proqram hazırlanmışdır. Proqram iki mərhələni - 2014-2024-cü illəri və 2024-cü ildən saziş tam başa çatanadək olan müddəti əhatə edir. İnanıram ki, bu proqram da əvvəlki layihələrimiz kimi uğurlu olacaqdır.