DÜNYA
“bp” ŞİRKƏTİ NEFT SIZMASI İLƏ ƏLAQƏDAR KOMPENSASİYA ÖDƏNİLMƏSİ ÜÇÜN XÜSUSİ HESABA 20 MİLYARD DOLLAR KÖÇÜRƏCƏKDİR
Bakı, 17 iyun (AZƏRTAC). “bp” şirkəti ABŞ hökumətinin sərt təzyiqi altında Meksika körfəzində neft sızması nəticəsində yaranmış fəlakətlə bağlı kompensasiya ödənilməsi üçün məqsədli depozit hesaba təxminən 20 milyard dollar vəsait köçürməyə razılıq vermişdir. ABŞ administrasiyasının nümayəndələri bu barədə bildirmişlər.
ABŞ Prezidenti Barak Obamanın şirkətin direktorlar şurasının sədri Karl-Henrik Svanberq, prezidenti Toni Heyuord və “bp”nin ABŞ bölməsinin rəhbəri Lamar Makkey ilə iyunun 16-da görüşü zamanı bu barədə razılıq əldə olunmuşdur.
Administrasiya nümayəndələri qeyd etmişlər ki, “bp” şirkəti lazım gəldikdə bu məbləğlə kifayətlənməyəcəklər. ABŞ Maliyyə Nazirliyinin əsas hüquqşünaslarından olan Kennet Faynberq bu vəsaitlərin xərclənməsinə sərəncam verəcəkdir. Onun buna bənzər vəzifələrin yerinə yetirilməsində artıq təcrübəsi vardır. Belə ki, o, 2001-ci il sentyabrın 11-də terror aktlarından sonra yaradılan xüsusi fondun vəsaitlərinin sərf olunmasını əlaqələndirmişdi.