İDMAN
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “D” qrupunda mübarizə başa çatmışdır
Bakı, 24 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “D” qrupunda mübarizə başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Natal şəhərindəki “Dunas” stadionunda İtaliya və Uruqvay yığmaları qarşılaşmışlar.
Meksikalı baş hakim Marko Rodrigezin idarə etdiyi görüşdə Uruqvay komandası İtaliya millisini 1:0 hesabı ilə məğlub etmişdir.
Oyunda yeganə qolu cənubi amerikalıların heyətində 83-cü dəqiqədə D.Qodin vurmuşdur. Görüşün 60-cı dəqiqəsində isə İtaliya millisinin heyətində Marçisio qırmızı vərəqə almışdır.
Belo Horizonte şəhərindəki “Mineyro” stadionunda keçirilən görüşdə isə Kosta-Rika və İngiltərə yığmaları görüşmüşlər.
Əlcəzairli baş hakim Camel Haymudi idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmamışdır.
Beləliklə, Kosta-Rika “D” qrupunda keçirdiyi üç matçın ikisində qalib gələrək və bir oyunda heç-heçə etməklə səkkizdəbir finala vəsiqəni 7 xalla təmin etmişdir. Altı xalla qrup mərhələsini ikinci sırada tamamlayan Uruqvay yığması da səkkizdəbir finalda mübarizəni davam etdirəcəkdir. İtaliya yığması üçüncü, İngiltərə millisi isə qrupu axırıncı pillədə başa vurmuşdur.