İDMAN
Braziliyada polis talanlarla müşayiət olunan kütləvi aksiyanı gözyaşardıcı qazla dağıtmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Braziliyanın San-Paulu şəhərində kütləvi etiraz aksiyası iğtişaşlar və polislə toqquşma ilə nəticələnmişdir. Yerli “Estadao” nəşrinin yazdığına görə, iğtişaşları yerli anarxistlər törətmişlər.
Onlar “Mersedes Benz” avtosalonunu, Braziliya Bankının və “Citibank”ın ofislərini darmadağın etmiş, əldəqayırma partlayıcı qurğunu işə salmışlar. Polis gözyaşardıcı qaz tətbiq etməli olmuşdur.
Hadisə iyunun 19-da baş vermişdir. Mitinqi ictimai nəqliyyatda pulsuz gediş haqqının tətbiqinə çalışan yerli “Free Fare movement” hərəkatı təşkil etmişdir. Etirazçılar bu aksiyanı keçirməklə, ötən ilki çıxışların uğurunu qeyd etmək istəmişlər. Xatırladaq ki, həmin çıxışlardan sonra hakimiyyət orqanları güzəştə gedərək, gediş haqqını bir qədər ucuzlaşdırmışdılar.
Əvvəlcə aksiya dinc xarakter daşımışdır. İngiltərə və Uruqvay yığmaları arasında matç başlanana yaxın ehtiraslar qızışmışdır. Etirazçıların bir qismi vitrinləri sındırmağa, fayer yandırmağa başlamışlar. Bildirilir ki, vandalizm aktlarını “Qara blok” anarxist hərəkatı təşkil etmişdir. Amma etirazçıların əsas hissəsi onlara qoşulmamışdır.
Polis gözyaşardıcı qazın köməyi ilə iğtişaşların qarşısını almışdır. Bildirilir ki, nümayişçilər tərəfindən stadiona girmək cəhdləri olmamışdır.
Polis iyunun 19-da nümayişin vurduğu ziyanın miqyasını qiymətləndirə bilməmişdir. Lakin KİV-lərin yazdığına görə, indiki aksiya son vaxtlar ən kütləvi aksiyalardan biri olmuşdur. Bəzi məlumatlara görə, aksiyalarda təqribən 1,5 min adam iştirak etmişdir.
Dünya çempionatından əvvəl Braziliyada hökumətə qarşı bir neçə aksiya keçirilsə də, onların miqyası kiçik olmuşdur. Etirazçılar hakimiyyət orqanlarının mundialın keçirilməsinə külli miqdarda vəsait xərcləməsinə narazılıqlarını bildisələr də, etirazlar zorakılıq həddinə çatmamışdır.