DÜNYA
Braziliyada yerli xəstəxanada pasiyentlərin dəhşətli qətllərinin üstü açılmışdır
Vaşinqton, 29 mart (AZƏRTAC). Braziliyanın cənub-şərqində yerləşən Kuritiba şəhərində şəhər xəstəxanasının baş həkimi yeddi pasiyenti qəsdən öldürməkdə ittiham olunur.
Hüquq mühafizə orqanlarının fikrincə, ittiham olunan Virciniya Elena Soares de Suza xəstəxanada pasiyentlərin orqanizminə keyləşdirici, yuxugətirici və ağrıkəsici vasitələrin ölümcül dozalarının yeridilməsi üçün işə bir neçə xüsusi həkim götürmüşdür. Bundan başqa, bəzi pasiyentlər onlara verilən oksigen dozalarının dəyişdirilməsi vasitəsilə öldürülmüşlər. De Suza ilə yanaşı həmçinin yeddi həkim və tibb bacısına qarşı ittihamlar irəli sürülmüşdür. Prokurorluğun əlində olan audioyazılarda baş həkim öz cinayət yoldaşlarına deyir: “Hə, bu gün biz iki nəfərdən canımızı qurtardıq, o birisinin işini sabah bitirərik”.
Kuritiba şəhəri hüquq mühafizə orqanlarının məlumatına görə, qətllərə səbəb xəstəxana çarpayılarının yeni pasiyentlər üçün “məcburi boşaldılması” olmuşdur. İttihamda 7 pasiyentin öldürüldüyü göstərilsə də, təhqiqat belə güman edir ki, 2006-2013-cü illərdə öldürülmüş pasiyentlərin sayı 300 nəfərə çata bilər.
Yusif Babanlı
Vaşinqton