DÜNYA
Britaniya Əfqanıstana əlavə humanitar yardım ayıracaq
Bakı, 30 mart, AZƏRTAC
Böyük Britaniya Əfqanıstana fövqəladə yardım qismində əlavə olaraq 286 milyon funt sterlinq ayıracaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin humanitar çağırışına dəstək üçün ödənişlər edilməsi üzrə beynəlxalq konfrans astanasında Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Böyük Britaniya əfqan xalqına həyati əhəmiyyətli qida və təcili tibbi yardım məqsədilə daha 286 milyon funt sterlinq ayırmaq niyyətindədir”, - deyə sənəddə bildirilir.
Humanitar yardımla yanaşı, Böyük Britaniyanın maliyyə dəstəyi Əfqanıstanda səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına və fermerlərə quraqlığın nəticələrinin öhdəsindən gəlməyə kömək edəcək.
Britaniyanın maliyyə yadımı BMT-nin tərəfdaşları və etibarlı QHT-lər vasitəsilə həyata keçiriləcək və həmin vəsait heç bir halda birbaşa “Taliban” hərəkatına verilməyəcək. Birləşmiş Krallıq bundan öncə 2021-2022-ci maliyyə ilində Əfqanıstana yardımı iki dəfə artıraraq 286 milyon funt sterlinqə çatdırmışdı.
BMT-nin hesablamalarına görə, Əfqanıstanda yaşayan 10 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var.