ELM VƏ TƏHSİL
BSU-DA “MÜASİR POLŞA MƏDƏNİYYƏTİ” SƏRGİSİ AÇILMIŞDIR
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə universitetdə “Müasir Polşa mədəniyyəti” sərgisi açılmışdır.
Qeyd etmək lazımdır ki, BSU-nun bir sıra xarici universitetlərlə yaratdığı sıx əlaqələr arasında Polşa ali məktəbləri ilə mədəni və elmi əlaqələrin xüsusi yeri vardır. Bu işdə Polşanın Azərbaycandakı səfirliyi böyük kömək göstərir. Müasir Polşa teatrına, ədəbiyyatına, kinosuna və musiqisinə həsr olunmuş bu ekspozisiya da səfirliyin dəstəyi ilə açılmışdır.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskini səmimi salamlayaraq bildirmişdir ki, belə tədbirlərin keçirilməsi, xüsusilə polyak dili bölməsində təhsil alan tələbələr üçün çox faydalıdır.
Sərgi aprelin 6-dək davam edəcəkdir.