SİYASƏT
BSU-DA POLŞA PREZİDENTİNİN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin fəxri doktoru, Polşa Prezidenti Lex Kaçinski və onun xanımı Mariya Kaçinskanın xatirəsini anma mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları BSU-da fəaliyyət göstərən “Polyak dili və mədəniyyəti mərkəzi”ndə olmuş, mərhum prezidentin portreti önünə gül dəstələri qoymuşlar.
BSU-nun rektoru, AMEA–nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan-Polşa münasibətlərinin inkişafında böyük xidmətləri olan Lex Kaçinski və xanımı Mariya Kaçinskanın faciəli şəkildə həlak olduğundan kədərləndiyini bildirmiş, Polşa xalqına və səfirliyin əməkdaşlarına dərin hüznlə başsağlığı vermişdir.
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski Polşa xalqının dərdinə şərik olduğuna görə universitetin kollektivinə minnətdarlığını bildirmişdir. Diplomat Polşa Prezidenti ilə bağlı xatirələrini danışmış, hadisədən kədərləndiyini söyləmişdir.
Digər çıxış edənlər də Lex Kaçinski ilə bağlı xatirələrini bölüşmüş, adını daim əziz tutacaqlarını ifadə etmişlər.
Anım mərasimində tələbələrin hazırladığı “Rekviem” sənədli filmi nümayiş etdirilmişdir.
######