ELM VƏ TƏHSİL
BSU-nun Məktəb-Lisey Kompleksi məktəbəqədər hazırlıq qruplarına qəbul qaydalarını təqdim edir
Bakı, 5 sentyabr, AZƏRTAC
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi uşaqların məktəbəqədər dövrünün yüksək səviyyədə inkişafına təminat verir.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Məktəb-Lisey Kompleksində məktəbəqədər hazırlıq qruplarına qəbul mart-aprel aylarında Azərbaycan və rus bölmələri üzrə fərqli şəkildə aparılır. Rus dili bölməsini seçən uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün onlar müsahibədə mütləq iştirak etməlidirlər. Müsahibə zamanı uşaqdan özünüifadə, təhlükəsizlik və gigiyena qaydaları, o cümlədən məntiqi təfəkkürlə bağlı suallara cavab vermək tələb olunur. Uşaqlar, həmçinin dünyagörüşləri ilə yanaşı, yaradıcılıq imkanlarını nümayiş etdirməlidirlər.
Məktəb-Lisey Kompleksinin məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə aparılır.
Qeyd edək ki, BSU-nun Humanitar Liseyi 2000-ci ildən fəaliyyətə başlayıb. Akademik Kamal Abdullanın təşəbbüsü ilə 2010-cu ildən Bakıdakı 15 nömrəli tam orta məktəb bu liseyə birləşdirilərək BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi yaradılıb.